"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Milli mədəniyyəti qoruyaq və yaşadaq”

--2017-03-01 / 11:30

Binəqədi Rayon Binəqədi Bələdiyyəsi, Rayon Gənclər və idman idarəsi və Milli incəsənət Muzeyinin təşkilatçılığı ilə Binəqədi Bələdiyyəsinin üzvü Aysel əlizadənin “Milli mədəniyyəti qoruyaq və yaşadaq” layihəsinin birinci mərhələsi çəırçivəsində  Milli incəsənət Muzeyinə ekskursiya təşkil edilib. Bu barədə Binəqədi bələdiyyəsindən daxil olub. 

Ekskursiyada Gənclər və idman idarəsinin baş məsləhətçisi Rüfət əliyev, Binəqədi Bələdiyyəsinin ictimai-humanitar sektorunun müdiri Yusif Hüseynov, Milli incəsənət Muzeyi Tikmə şöbəsinin müdiri Vəfa Rəhimova və rayonun istedadlı gəncləri iştirak ediblər.

 Öncə Binəqədi Rayon Binəqədi Bələdiyyəsi üzvü Aysel əlizadə layihənin mahiyyəti və əhəmiyyəti barədə məlumat verib.  O bildirib ki, xalqımız öz mədəni keçmişinə, mənəvi dəyərlərinə böyük hörmətlə yanaşır. Azərbaycanın zəngin mədəniyyətinin bir parçası olan milli geyimləri uzun sürən və çox mürəkkəb inkişaf yolu keçmiş olan xalq maddi və mənəvi mədəniyyətinin nəticəsidir. Mədəniyyətimizin öyrənilməsi üçün istifadə edilən milli geyimlər gənc nəsillərə təbliğ olunmalıdır.

Sonra Milli incəsənət Muzeyi Tikmə şöbəsinin müdiri Vəfa Rəhimova iştirakçı gənclərə Milli geyimlər haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, geyimlərin maddi mədəniyyətin bütün başqa ünsürlərindən daha çox xalqın milli xüsusiyyətini əks etdirməklə yanaşı sabit etnik əlamətlər sırasına daxildir.Geyimlər xalqlar arasında mədəni-tarixi əlaqə və qarşılıqlı təsir məsələlərini müəyyənləşdirmək işində yardımçı material rolunu oynamaqla xalqın həm təsərrüfat sahələrinin səviyyəsindən və həm də coğrafi şəraitdən asılıdır.Natiq vurğulayıb ki, xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xusüsiyyətləri öz əksini geyimlərdə tapır. Bu xüsusiyyət həm müəyyən formalı geyim və onun bəzəklərində və həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzə verir. 

Çıxışlardan sonra Milli geyimlərdən hazırlanmış slaydlar izlənilib, layihə iştirakçıları Milli incəsənət  Muzeyi ilə tanış olublar, onlara əyani olaraq Milli geyim eksponatları haqqında geniş məlumat verildikdən sonra muzeyin fondunda saxlanılan Milli geyim növlərinə də tamaşa ediblər. Sonda xatirə şəkli çəkilib və tədbir yekunlaşıb.

Belediyye.info

 

ŞƏRHLƏR